Qadağan olunmuş zona: “Jurnalistlər hərbi təlimdə”


Hal-hazırda müharibə şəraitində yaşadığımızı nəzərə alsaq dövlətin xarici siyasət hücumunun əsas tərkib hissəsi olan informasiya müharibəsindən geniş istifadə edildiyi bir vaxtda informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdəndir.

Bu baxımdan, sosial şəbəkələrdə və mediada ölkənin informasiya siyasətinə dəstək olaraq dövlətin informasiya təhlükəsizliyinin, milli təhlükəsizliyi təhdid edən, hərbi sirr sayılan informasiyalara qarşı vahid  mövqedən çıxış və s. ilə bağlı ümumi və əhatəli maarifləndirmə siyasətinin aparılması vacibdir.

telim3Hiyləgər düşmənlə üz-üzə olduğumuz bir durumda informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların  yayılması yol verilməzdir. Bu hal milli təhlükəsizlik və əhalinin panik duruma düşməməsi baxımından olduqca əhəmiyyətlidir. Unutmamalıyıq ki, düşmən tərəf dezinformasion xarakterli, yalana həqiqət donu geyindirməklə saxta informasiyaları kütlələrə çatdırmaqda peşəkardır. Bizim açığa verdiyimiz kiçik hərbi sirr düşmənin əlində böyük silaha çevrilə bilər.

Bir dəfə Fransa qəzetlərindən biri Frana qoşunlarının bir hissəsində əsgərlərin sayını dəqiq veribmiş. Napoleon bunu biləndə hirslənərək deyir: “Veirdiniz- verirdiniz, heç olmazsa, sayı dördqat artırardınız”.

telim4

Belə ki, müstəqilliyimizin ilk illərində müharibə zamanı media orqanlarının cəbhədə baş verən hadisələri hərbi sirrin, canlı heyətin və zirehli texnikanın sayının, hücum planlarının məxfiliyini, qorunmasını nəzərə almadan bütün çılpaqlığı ilə yayımlaması halı 2014-cü il və 2016-cı il cəbhə xəttində baş verən hadisələr zamanı bir daha təkrarlandı. Buna görə də informasiya təhlükəsizliyinin qorunması üçün ictimai maarifləndirmə işi genişləndirilməlidir. Bu işdə dövlətlə yanaşı media nümayəndələrinin də üzərinə böyük vəzifələr düşür.

Bu məqsədlə “Dinc Dünya” Araşdırma Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyini alaraq Müdafiə Nazirliyi ilə birgə “Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri”nin təşkilinə başladı.

Bu təlimlərdə məqsəd hərbçi deyil, silahı əlinə alıb düşmənlə döyüşməyi bacaran savaşçı deyil, silahsız olub, sağ qalmağı və müharibənin hər halını, bütün həqiqətləri çəkib redaksiyaya çatdırmağı bacaran əli yalın jurnalist yetişdirmək idi.

t9

Müharibənin gedişinə bir savaşçıdan dəfələrlə çox təsir göstərə bilən peşəkar hərbiçi jurnalistin yetişdirilməsi dünya təcrübəsində geniş yayılsa da ölkəmizdə bu sahəyə indiyədək diqqət ayrılmamışdı.

“Dinc Dünya” Araşdırma Mərkəzi İdarə Heyətinin sədri, layihə müəllifi Əlisəfa Mehdiyevin rəhbərliyi ilə həyata keçirilən bu təlimlərdə jurnalistin mənəvi-psixoloji, təcrübi hazırlığı ilə yanaşı dövlət və hərbi sirrlər haqqında nəzəri biliklərinin möhkəmləndirilməsinə də xüsusi səy göstərildi.

Bu təlimlər respublikamızda ilk dəfədir keçirilir. Qeyd edək ki, təlimlərin birinci mərhələsi qış aylarında baş tutub. Həmin təlimlər Ali Hərbi Məktəbin Təlim Tədris Mərkəzində keçirilib. Təlimin qış ssesiyasında ordumuzun döyüş texnikası, silah-sursat təchizatı, jurnalistin ekstremal şəraitdə davranış qaydaları haqqında nəzəri və praktik biliklər jurnalistlərə çatdırılıb.

t13

Növbəti təlimlər isə bir başa cəbhə zonasında, hərbi poliqonlarda təşkil edildi. Ard-arda təşkil edilən təlimlərdə 2 həftə boyunca 40 jurnalist hərbi stuasiyaya hazırlandı.

Təlimlər zamanı jurnalistlərin praktiki olaraq hərbi hazırlığına geniş yer verildi. Təlimin hər günü olduqca ekstremal və öyrədici keçdi. Bu təlimlərdə öz bilik və bacarıqlarımızı artırmaq və möhkəmləndirməklə yanaşı milli ordumuzun vəziyyəti və dövlətin orduya qayğısının da əyani şəkildə şahidi olduq. Təlimdə hər gün bizim üçün sanki bir “hərbi macəra” oldu.

Təlimin ilk günü əlbəttə ki, hərbi nizam-intizam qaydaları, jurnalistin hərblə, hərbin jurnalistika ilə bağlılığı nəzəri şəkildə şərh edildi.

DSCN0632

Nədir hərbi jurnalistika? Müharibə zamanı informasiyaların qorunması bu qədərmi vacibdir? Axı əli yalın bir jurnalist müharibənin gedişinə necə təsir göstərə bilər?

Bu sualları cavablandırmaq və hərbi jurnalistikanın nə dərəcədə vacibliyini nəzərinizə çatdırmaq üçün bir az tarixə, mətbuatdan hərbi silah kimi mütəşəkkil istifadə edilən dönəmlərə səyahət edək…

Napoleon Bonapart mətbuatdan hərbi məqsədlər üçün istifadə etmiş ilk dövlət xadimi hesab olunur. Onun hakimiyyəti illərində bu sahə Fransada xüsusi professional məşğuliyyət növünə çevrilmişdir. Napoleonun bununla bağlı aforizmə çevrilmiş bir deyimi də var: “Dörd qəzet düşmənə 100 minlik ordudan daha çox zərər vura bilər”.

Napoleon işğal etdiyi ölkələrdə xüsusi nəşrlər buraxdırır və onların fəaliyyətini daim nəzarətdə saxlayırdı. Məsələn, İspaniyada “Qazett de Madrid”, Almaniyada “Qazett de Berlin”, İtaliyada “Junal dü Kapitol” kimi informasiya vasitələri çıxırdı.

telim

Təlimin ikinci günündən artıq təcrübə poliqonunda praktiki bacarıqların mənimsənilməsinə başlandı. Burada jurnalistin savaş zamanı düzgün mövqe tutmasından başlayaraq, müxtəlif hərbi texnika, silah-sursatla tanışlığı, jurnalistin çəkiliş zamanı düzgün kordinatlar seçməsi qaydaları əyani şəkildə öyrədildi.

Bundan əlavə jurnalistlər  kəşfiyyatçı necə davranmalıdır, maneələri necə dəf etməlidir, bir kəşfiyyatçı hansı psixoloji və praktiki biliklərə malik olmalıdır? Sualları ətrafında təlimlər keçdi. Bu zaman bir jurnalist kəşfiyyatçının işini dəyərləndirməyi, kəşfiyyat sirrlərinin nə dərəcədə önəm kəsb etdiyini, bu kimi sirrlərin açığa çıxarılmasının nələrə mail ola biləcəyini, jurnalistin belə ekstremal vəziyyətdə necə davranmalı olduğunu, dağlıq və meşə şəraitində, soyuqda və istidə yaşam mübarizəsini hansı üsul və vasitələrdən istifadə edərək apara biləcəyi öyrədildi. Jurnalistin döyüş zonalarında ehtiyyat tədbirləri, minalı ərazilərdə hərəkət qaydaları, minalı ərazinin müşahidəsi və minaların növləri, işləmə xüsusiyyətləri, onlardan necə qorunma və ehtiyat qaydaları, atıcı silahlarla tanışlıq, təmas və özünü müdafiə qaydaları, xəsarətlər və yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi, daxili və səthi zədələnmələr zamanı qorunma üsulları, jurnalistin vəhşi təbiətdə yaşam mübarizəsi, qidalanma yolları, qidalana biləcəyi heyvan və bitkilərin növləri, onları əldə etmək yolları, çirkli suyun təmizlənməsi, soyuqdan və vəhşi heyvanlardan qorunma üsulları praktiki şəkildə jurnalistlərə çatdırıldı.

telim1

Bütün bunlarla yanaşı bu təlimlərin digər bir mühüm cəhəti jurnalistin peşəkar hərbçilər və cəbhə bölgələrində yaşayan siravi vətəndaşlarla ünsiyyət qurmaq, onların müharibə haqqında düşündüklərini bilmək və onlardan şifahi informasiyanın toplanmasının necə nəticələnəcəyini ümimiləşdirmək idi. Belə ki, texnologiyanın sürətlə inkişaf etdiyi bu zamanda hərbi sirrləri bilərəkdən və ya bilməyərəkdən yayan, ictimailəşdirən təkcə peşəkar jurnalistlər deyil, həmçinin də sadə vətəndaşlardır. Bu baxımdan jurnalistlər hərbi sirrlərin qorunması və bu informasiyalarla nə dərəcədə ehtiyatla davranış qaydalarını mütəmadi olaraq diqqət mərkəzində saxlamalı, belə maarifləndirici informasiyalar həmişə gündəm mövzusu olmalıdır.

t3

Düzdür, dövlətlə cəmiyyət arasında mühüm rol oynayan media bəzən “peşəkarlıqmı?”, “vicdanlılıqmı?”, “vətənpərvərlikmi?” sualları arasında çıxılmaz vəziyyətdə qalır. Müharibə zamanı bilsən ki, vətənində qonşu ölkəyə hücum haqqında əmr verilib, bu bilgini KİV-ə sızdırarsanmı? Sualı jurnalisti hər zaman düşündürür.

Əfqanıstana hücum hazırlanan ərəfədə ABŞ prezidenti öz ölkəsinin mediasına üz tutub xahiş edir ki, jurnalistlər hücumla bağlı informasiyaları açıqlamasınlar. Bəlkə də 11 sentyabr faciəsinin şahidi olmasaydılar, amerikalı jurnalistlər prezidentin xahişinə məhəl qoymazdılar. Necə ki, ABŞ-ın Vyetnamda hərbi bazaları bombalaması ilə yanaşı, mülki insanları da öldürməsi barədə məlumatları elə amerikalı jurnalistlər yaymışdı. Yaxud amerikalı əsgərlərin iraqlı əsirlərlə zorakı davranışı barədə faktları dünya ictimaiyyətinə İraqda müharibə aparan ölkənin vətəndaşı olan media təmsilçiləri açıqladı. Bu jurnalistləri vətənpərvər olmamaqda suçlandırmaq mümkündürmü?

ekst8

Deyil, çünki onlar müharibəni Amerika torpaqlrında aparmırdılar, Amerika xalqına qarşı soyqırımı aktı həyata keçirilmirdi. Buna baxmayaraq “11 sentiyabr hadisələri və Taliban” arasındakı əlaqə amerikalı jurnalistləri susmaya vadar edə bildi. Bəs bizim jurnalistlər “operativlik” adı altında oxucu kütləsi toplamaq naminə hərbi sirrləri niyə yayır? Düşüncəsizlikmi? Savadsızlıqmı?

Başqa bir misal isə «Donuzlar buxtası» adıyla xatırlanan ABŞ-da baş vermiş hadisənin qısa tarixçəsi belədir: 1961-ci ildə «Nyu-York Tayms» Mərkəzi Kəşfiyyat İdarəsinin Kubaya kommunist mühacirlərin iştirakıyla hücum hazırlaması barədə məlumat alır. Nüfuzlu qəzetin əlində belə bir informasiya olduğunu bilən prezident Con Kennedi dərhal məsul naşirə zəng vurub ondan xəbəri açıqlamamağı xahiş edir. Prezident deyir ki, məlumat yayılarsa, plan baş tutmaya və qanlı döyüşlərdə çoxlu əsgər ölə bilər, bu isə milli mənafeyə zərbə vurar. Redaktor bu fakt barədə susmağa üstünlük verir, daha doğrusu, qəzet səhifələrində, sadəcə, hücumla bağlı şayiə dolaşdığı bildirilir. Bu hadisə ona sübutdur ki, belə bir şəraitdə media orqanları dövlət orqanları ilə əlbir işləməli, qeyri-rəsmi məlumatların yayılmasına can atmamalıdır.

Göründüyü kimi, bugün istənilən sahədə ən təsirli hücum strategiyası olaraq istifadə olunan informasiya müharibəsindən qalib çıxmaq üçün hər birimiz məsuliyyət daşıyırıq və bu istiqamətdə təbliğat və maarifləndirmə işində ciddi iştirak etməyimiz vacibdir.

Bu səbəblə media işçiləri üçün bu cür təlimlərin müntəzəm təşkili və davamlı olması, bu sahənin respublikamızda peşəkar sahəyə çevrilməsi, bu peşəyə maraq göstərən jurnalistlərin ixtisaslaşması mühüm əhəmiyyət kəsb edir.

DSCN0782

Növbəti təlimlər haqqında da yazacağım ümidi ilə…

Zümrüd Cavid

 

 

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma