“RƏNGSİZ DİVARLAR” (2)


      “II hissə”

…Özünü pəncərəyə dayayıb siqaret çəkirdi, bir az siqareti sumurub, sonra uzun-uzadı zülmətdən görünməyən çöllərdə nə isə görürmüş kimi zillənirdi. Bir azdan sonra siqaretini söndürüb üzünü içəri tutdu, bütün otağa və şirin-şirin yatan uşaqlarına baxdı, sonra mənə tərəf çevrilib dayandı, özümü yatırmış kimi göstərib gözlərimi yumdum. Həm qorxurdum həm də maraqlı idim. Sonra otaqdan çıxıb qapını örtdü. Mənsə fikirə daldım 2 saat əvvəl baş verənləri düşündüm. Yanmış evimizə sinsi-sinsi yaxınlaşanın kim olduğu yəqin indi sizə də maraqlıdır. Qapını çəkib açanda mən ayağa qalxmışdım və nə baş verdiyini anlamağa çalışırdım, qapını açan Məhərrəm dayı idi. İçəri girdi və gözlərini məndən qaçıraraq məni qucağına götürüb çölə çıxartdı və evə gətirdi. Məhərrəm dayını bu hərəkətindən sonra anlamaq mənə daha çətin idi. Çünki insanları ağlımda iki yerə ayırmışdım: yaxşılar və pislər, bəs görəsən Məhərrəm dayı hansılarından idi? Ona nə nifrət edə bilirdim nə də onu sevə bilirdim, mənimçun anlaşılmaz bir insan olmağa başlayırdı. Bu hadisədən bir il keçdi… Bu müddət ərzində həm ata, anasız böyüməyin nə olduğunu anlamışdım həm də nə qədər çalışqan, yararlı olursan ol başqa bir ailədə heç vaxt doğmalaşa bilməyəcəyini, heç vaxt axtardığın istiliyi tapa bilməyəcəyini öyrənmişdim. Məhərrəm dayının iki oğlu var idi Şahin və Mehdi. Şahinlə yaşıd idik, Mehdi bizdən bir il balaca idi. Şahin də hələ məktəbə getmirdi çünki Leyla xala gil istəyirdilər ki, qardaşı ilə birlikdə bir sinifə qoysunlar ikisini də. Sentiyabr ayı yaxınlaşırdı, artıq Mehdi ilə Şahin məktəb, məktəbə getmək haqqında danışırdılar, yəqin ki, bu il hər ikisini Məhərrəm dayı məktəbə qoyacaqdı. Bəs mən? Görəsən heç məni də məktəbə qoymaq ağıllarından keçirmi? Məncə yox, axı mən dərsə getsəm Leyla xalaya kim kömək edəcək evdə? Yəqin buna görə məni göndərməyəcəklər. Mehdi ilə Şahin günləri sayırdılar, artıq 3 gün qalırdı məktəbin açılmağına, bu gün Məhərrəm dayı da bazara getmişdi, Şahin deyirdi ki, məktəb üçün onlara təzə paltarlar alacaq. Şahin düz demişdi, Məhərrəm dayı gələndə çoxlu kitab, dəftər, qələm və Şahinlə Mehdi üçün təzə geyim almışdı. Mənim üçünsə heç nə, düz fikirləşmişdim heç vaxt məktəbə gedə bilməyəcəkdim. Amma nə isə etməli idim… Bəlkə Leyla xalaya deyim ki, mən də məktəbə getmək istəyirəm, görəsən nə deyərdi mənə? Yəqin yox olmaz deyəcək, çünki Məhərrəm mənim üçün nə geyim alar nə də dəftər, kitab… Üç gün bu fikirlər məndən əl çəkmədi, Mehdi ilə Şahin məktəb üçün aldıqları ilə oynayanda, artıq məktəb-məktəb oyunu oynayaraq xəyallar quranda bəzən doluxsunur, bəzən özümü dünyanın ən kimsəsiz insanı hiss edirdim. Mehdi mənim onlara baxdığımı görüb, mənə yaxınlaşdı və əlindəki kitabı açıb dedi: bax Nihan bu kitabdakı şəkilləri görürsən, altında yazılan yazıları biz indi oxuya bilmirik, amma məktəbdə müəllimlər bizə bunları oxumağı öyrədəcəklər. Bilirəm, dedim. Məktəbə qızlar da gedir, bəs sən niyə getmirsən? Bu vaxt Şahin dillənib bizə yaxınlaşdı, Mehdinin əlindən kitabı aldı və dedi: görmürsən onun heç nəyi yoxdu? Ona heç dəftər də almayıblar, o məktəbə getməyəcək. Bu an gözlərim doldu, kədərdən və qəzəbdən dodağlarım büzüldü. Mehdi Şahinə qulaq asmayıb davam elədi, ağlama Nihan, mən sənə oxumağı öyrədərəm özüm öyrənəndən sonra, istəsən dəftərlərimdən birini sənə verərəm. Bir az sevinmişdim, amma mən də məktəbə getmək istəyirdim axı… Gecəni başımı yorğanıma bastırıb için-için ağlayaraq keçirtdim, səhər evdəkilərin səsinə ayıldım. Budur Mehdi ilə Şahin qəşəng geyinib, məktəbə getməyə hazırlaşırdılar. Leyla xala hər ikisini öpüb qucaqladı, oğlanlarım oxuyacaq, böyük adam olacaq İnşallah deyib sevinirdi. Həyət qapısından çıxıb yola düşdülər, Məhərrəm dayı hər ikisinin əlindən tutub sevinə-sevinə gedirdi… Leyla xalayla xeyli dikildik qapıya onlar gözdən itənə kimi arxalarınca baxdıq. Son ana kimi ümid edirdim ki, Məhərrəm dayı ürəyi ilə bacarmayıb məni saxlamağa razılıq verdiyi kimi, məktəbə getməyimə də icazə verəcək. Amam bu dəfə belə olmadı, onlar getdi mən qaldım, içimdəki ümidim soyuq hissə çevrilib, nə fikirləşirdin Nihan deyən bir boşluğa dönüşdü. Həyat həmişə bizimlə belə oynayır, gözlədiklərimizi alır, gözləmədiklərimizi verir. Leyla xala hələ xəyallarında ikən mən qaçıb ağlaya-ağlaya ordan uzaqlaşdım. Rəngsiz həyatımı yazmaqda davam edən rəngsiz divarlarım məni gözləyirdi axı, yəqin məktəb xəyallarımın puça çıxdığı haqqında hekayəni qələmini göz yaşlarıma batırıb sevinə-sevinə yenə divarlarına yazacaqdı. Bir neçə saat ordan çıxmadım, divarlara baxır, yerdən otları biçib əllərimlə didib, sanki acığımı onlardan çıxırmışam kimi ayağımla da əzirdim, yerdən çöp götürüb yerdə cızma qaralar edir, bir az kədərli mahnı oxuyub təskinlik tapmağa çalışırdım. Sonra Şahinlə Mehdini məktəbdə təsəvvür etməyə çalışdım, ancaq Mehdinin şəkillərin altındakı yazıları oxumaq barədə danışdıqlarından savayı bir yerə vara bilmədim. Bir azdan burda tək divarlarla danışmaqdan yorulub artıq çölə çıxdım. Leyla xalanın səsini eşitdim, məni çağırırdı. Qaçıb evə getdim mənə dedi ki, şəhərdən nənən zəng vurub, dedi ki, sənin üçün məktəbə lazım olan hər şeyi alıb sabah göndərəcək və sənin oxumağın üçün pul da göndərəcək. Necə? Deyib qaldım… Necə yəni? Yəni mən də məktəbə gedə biləcəkdim? O an necə sevindiyimi izah edə bilmirəm, həqiqətən əl çəkdiyim xəyalım yenidən geri qayıdırdı. Mən məktəbə gedəcəkdim. Anam öləndən sonra cəmi bir dəfə yasa gələn Fatma nənəmin birdən-birə niyə insafa gəldiyini bilmirdim, əslində bu heç məni maraqlandırmırdı da, sadəcə məktəbə gedə biləcəyimə görə artıq ona minnətdar olmalı olduğumu bilirdim. Bu sevincli xəbərdən sonra Leyla xalaya kömək edə-edə artıq xəyallar qururdum, nənəmin göndərəcəyi paltarı geyinir, kitabları açıb oxuyurdum. Bu vaxt həyət qapısı açıldı Məhərrəm dayı ilə uşaqları içəri girdi, Leyla xala köpüklü əllərini tez yuyub əllərini üstünə sürtə-sürtə sevincək onlara yaxınlaşdı, və nə olduğu, necə olduğu haqqında maraqlandı, Şahin Mehdinin sinifdə ağladığını deyib lağ etməyə başladı, Mehdi isə ağlamırdım deyirdi. Məhərrəm dayı da ne olacaq yazdırdıq gəldik də, ikisi də bir sinifdə oxuyacaq. Leyla xala bu vaxt Məhərrəm bəlkə də üçü də. Məhərrəm təəccüblə Leyla xalaya baxıb mmm.. necə yəni? Deyə soruşdu. Leyla xala nənəmin zəngi barədə ona hər şeyi danışdı, Məhərrəm dayı əvvəlcə mızıldansa da sonra davamlı pul da göndərəcəksə, bunu da yazdırarıq yaxşı, dedi. Çox sevinirdim səhəri necə edəcəyimi bilmirdim, sevincdən gecə yarısına kimi yata bilmədim, yerimdə qıvrılıb durdum. Səhər Leyla xala məni oyatdı, Məhərrəm dayının əşyaların dalınca getdiyini dedi. Qalxıb yenə Leyla xalaya kömək etdim, Şahinlə Mehdini dərsə yola saldıq. Bu gün kədərlənmədim, çünki sabah mən də onlarla gedəcəkdim. Onları yola saldıqdan sonra Leyla xala ilə bütün işləri görüb bitirdik, sonra mən Məhərrəm dayının gec gəlməsindən qorxuya düşdüm, birdən göndərməz nənəm əşyaları heç. Çünki bu onun ikinci sözüdü axı, bir dəfə də məni saxlayacaqları təqdirdə Məhərrəm dayı gilə pul göndərəcəyini demişdi, amma sonra nə səs çıxdı nə soraq. Elə bu fikrlərdə idim ki, Məhərrəm dayı içəri girdi, deyəsən əşyaları gətirmişdi, hə gətirmişdi nənəm bu dəfə aldatmamışdı bizi. Məhərrəm dayı mənə yaxınlaşıb dedi hə bax bu sənin paltarların Nihan get geyin, sonra bir əlində də pul göstərib dedi bu da mənim zəhmət haqqım. Leyla xalana de ki, evə gec gələcəm. Bu sözləri deyib qapıdan çıxdı. Mən sevincək nənəmin göndərdiyi çantanı evə aparıb, açıb-tökdüm, paltarıma, rəngli qələmlərimə, dəftərlərimə, kitablarıma baxdım, onlar Şahinlə Mehdi üçün Məhərrəmin aldıqlarından da yaxşı idi. Qaldı səhər məkəbə gedib yazılmaq. Gecə Məhərrəm dayı evə çox gec gəldi, gələndə də çox sərxoş idi, dava-dalaş salmağa çalışsa da Leyla xala ona fikir vermirdi. Bir az sonra yuxuya getdi. Səhər açıldı, Şahinlə Mehdi geyinib məktəbə getdi, Məhərrəm dayı isə hələ də yatırdı. Leyla xala bir neçə dəfə oyandırmağa çalışsa da heç nə alınmadı. Yenə məyus-məyus pilləkənlərdə oturub, atamın məni məktəbə apardığı günü xatırladım, məndən çox atamla, anam həyacanlı idilər, nə qədər eləsəm də unuda bilmirdim o günləri, atamın anamın qayğısını… Şahingilin getdiyindən bir saat qədər vaxt keçmişdi Məhərrəm oyandı aşağı düşəndə mənim pilləkənlərdə məyus-məyus əyləşdiyimi görüb, səsləndi, nə oturmusan get geyin, bu gün yazdıracam səni məktəbə. Bu sözü eşidib yerimdən sıçradım, tez qaçıb hazırlaşmağa başladım, bir az sonra hər ikimiz hazır olduq və yola düşdük, Məhərrəm dayı qabaqda gedirdi mən də onun ardınca… Çox sevinirdim, həm də həyacanlı idim. Məni orda nə gözlədiyini bilmirdim, sevincim qarışıq düşüncələrimə qarışmışdı. Məhərrəm dayı arada arxaya çevrilib tez gəl deyirdi… Məktəbin həyətinə çatana kimi hər şey yaxşı idi, ora çatanda valideynlərin uşaqlarının əlindən bərk-bərk tutaraq gəldiyini görəndə, havada qalan əlimə baxdım və başımı aşağı dikdim, yenidən boşluğa düşdüm… Məhərrəm məni Mehdigilin sinifinə apardı, qapını döydü, müəllimə salam verib, məni də onun sinifinə yazdırmaq istədiyini dedi, məni sinifdə qapının ağzında qoyub, çölə çıxdılar, uşaqlara, üzündən zəhrimar tökülən müəllimə baxdıqca, qorxudan və həyacandan özümü itirmişdim. Bir az sonra müəllimlə qayıtdılar. Müəllim uşaqlara məni tanıdıb, yerimi göstərdi. Arxa sırada Şahinlə birlikdə oturdum… Məhərrəm dayı getdi, biz üçümüz birlikdə qayıdacaqdıq, müəllim dedi ki, 3 gün bəzi şeyləri uşaqlara izah edib onları Mehdi və Şahindən öyrənim, sonra yene də nəyinsə ardını keçdi onlara, mən dərsin yarısından başladığım üçün heç nə anlamadım. Zəng vuruldu, hamımız evə gəlməyə hazırlaşdıq, yolda Şahin deyirdi ki, onunla oturmayım, sanki özüm istəmişəmmiş kimi, ora bura qaçıb sonra arxadan gelib menim çantama vururdu, Mehdi Şahinə deyirdi bəsdi, anaya deyəcəm, o da Mehdiyə satqınsan sən? Satqınsan? Deyirdi, Mehdi onun belə deməyinə söz tapa bilmirdi və cavab vermirdi. Axır gəlib evə çatdıq, Şahin qabaqda qaçıb pilləkənləri çıxmaq istəyəndə, bağırdı qan!!! Mehdi pilləkən qandı! Onun ardınca qaçdıq, pilləkəndə aşağıdan yuxarı kimi qan izləri var idi….

IMG_20150806_141009

Zümrüd Cavid

Advertisements

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma